Azərbaycanın U-16 milli komandası FIFA U-15 Dünya Çempionatı və Festivalı üçün yeni inşa edilən Hövsan Yarış Kompleksində ilk məşqini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, hazırlıq prosesindən əvvəl A milli komandamızın baş məşqçisi Ayxan Abbasov gənc futbolçular və məşqçilər korpusu ilə görüşərək onlara uğurlar arzulayıb. Təcrübəli mütəxəssis futbolçulara dəstəyini ifadə edib:

"15 yaşınızda dünya çempionatında iştirak etmək hüququ qazandığınız üçün çox şanslısınız. Bu, karyeranız boyunca unudulmaz xatirə kimi qalacaq. Sizə inamımız yüksəkdir".

Daha sonra Ayxan Abbasov yığmanın məşq prosesini yaxından izləyib.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk matçını oktyabrın 24-də, saat 19:30-da "Crystal Hall"da Timor-Leste yığmasına qarşı keçirəcək. Komandamızın qrup mərhələsindəki digər rəqibləri Andorra, Avstraliya, İsrail və Haiti seçmələri olacaq.