"Qarabağ" Futbol Akademiyasının meneceri Nail Kərimov sabah start götürəcək U-15 Dünya Çempionatı və Festivalı, həmçinin Azərbaycan U-15 millisinin heyəti barədə fikirlərini bölüşüb.

O, Offsideplus.az-a açıqlamasında yığmanın heyət seçiminə toxunub:

"Oyunçulardan tanıdıqlarım da var, tanımadıqlarım da. Millimiz 14 nəfərlik heyətlə təmsil olunur. Ondan artıq futbolçuya icazə verilmədiyini bilirəm. Bizim klubdan bir neçə namizəd var idi. Onlardan bəziləri zədə, bəziləri də xəstəlik ucbatından heyətə düşə bilmədilər. Bir neçəsi də mövqe məsələlərinə görə bu heyətdə yer almaqda çətinlik çəkdi. Hazırda "Qarabağ"ı son siyahıda iki nəfər təmsil edir".

Nail Kərimov aşağı yaş qruplarındakı rəqabətdən və komandaların tərkibindən söz açıb:

"Bugünkü futbolumuzun reallığı odur ki, aşağı yaş qruplarında "Ulduz" Akademiyasının komandaları "Sabah", "Neftçi" və "Qarabağ"a qoşulur. Təbii ki, bəzi digər klublarımızın da müxtəlif millilərdə bir neçə oyunçusu var. Lakin bu günün reallığına əsasən, ön sırada adını çəkdiyim komandalardır. Bu da daha çox yaxşı oyunçu seçimi və edilən yatırımlarla əlaqədar olan məsələdir".

Mütəxəssis U-15 Dünya Çempionatı və Festivalında millimizin şanslarını dəyərləndirib:

"Milli komandamızdan nə gözləyirəm? Açığı, bunun proqnozunu vermək çox çətindir. Niyə? Çünki format fərqlidir, 8x8-ədir. Vaxt 40 dəqiqədir. Gün ərzində iki oyun var və ardıcıl iki günə dörd oyun keçiriləcək. Rəqibləri də çox tanımırıq, ona görə proqnoz vermək çətindir. Ancaq bir məsələni bilirəm ki, taktiki cəhətdən yaxşı hazırlanmış, mübarizə aparacaq bir millimizin olacağından şübhə etmirəm. Yaxşı iş görülüb. Prosesi çox yaxından izləməsəm də, içində olmuşam. Görülən işlərlə tanışam və AFFA-nın Texniki Departamentinin çəkdiyi əziyyəti bilirəm. Millinin baş məşqçisini uzun illərdir tanıyıram. Famil Xəlilovla birlikdə işləmişik. Onun da işinə necə məsuliyyətlə yanaşdığına yaxşı bələdəm. Bilirəm ki, ortaya yaxşı iş qoyulacaq. Lakin nəticələrin necə olacağını proqnozlaşdırmaq həqiqətən də çox çətindir".