“Sabah”ın hücumçusu Coy Lens Mikels Çempionlar Liqasında “Borussiya”ya qarşı oyundan sonra jurnalistlərə müsahibə verib.
Offsideplus.az müsahibəni təqdim edir:
– Oyunu necə dəyərləndirərdiniz?
– İlk hissədə vurduğumuz qoldan sonra çoxlu qol imkanlarımız oldu. Düşünürəm ki, hətta fasiləyə qədər daha üstün tərəf biz idik. Amma futbol nəticə oyunudur. Dortmund daha bir qol vurdu, biz isə ikinci qolu vura bilmədik. İkinci hissədə ilk yarının son 25 dəqiqəsindəki kimi oynamağa, irəli çıxmağa çalışdıq, amma bunu bacarmadıq. Dortmundun da oyunun həmin şəkildə davam etməsinə imkan verməyəcək keyfiyyətlərə sahib olduğunu bilirik. Ümumilikdə, məyusuq. Daha yaxşı oynaya bilərdik, buna şübhə yoxdur. İndi “Vikinq”lə qarşılaşmada özümüzü inkişaf etdirməliyik. Düşünürəm ki, yenə də yaxşı oyun keçirdik. Nəticədə, rəqib Dortmund klubu idi. Cəmi 1:2 hesabı ilə məğlub olmaq qarşıdakı oyunlar üçün bizə əlavə motivasiya verir. Ümid edirik ki, “Vikinq”lə matçda xal qazana biləcəyik.
– Bakıda bu qədər alman azarkeş görmək necə idi?
– Almaniya azarkeşlərinin ən yaxşı olduğunu bilirdim. Dünyada hər kəs bunu bilir. Onların Dortmund futbolçularına dəstək verməsini görmək çox özəl və xoş idi.
– Çempionlar Liqasında Almaniya təmsilçisinə qarşı oynamaq necə hissdir?
– Bu, möhtəşəm hissdir. Özüm “Mançester Yunayted” azarkeşiyəm, amma Almaniya komandalarına da azarkeşlik edirəm. Bura mənim doğma ölkəmdir. Almaniyada doğulmuşam. Buna görə də alman komandası ilə oynamaq çox xoşdur.
– İlk oyunda “Mançester Yunayted”lə qarşılaşmışdınız və həmin matçı səbirsizliklə gözləyirdiniz. İndi isə Almaniya təmsilçisi ilə oynadınız. Bu iki qarşılaşmanı müqayisə edə bilərsiniz?
– Öz oyunumuz barədə danışa bilərəm. Düşünürəm ki, oyundan-oyuna inkişaf edirik. Bəlkə də “Mançester Yunayted”lə qarşılaşma bizim üçün bir qədər tez idi. Amma indi “Borussiya”ya qarşı çox yaxşı oynadığımızı gördünüz. Getdikcə daha yaxşı çıxış edirik, lakin artıq xal qazanmalıyıq. Ötən həftə “Slaviya”ya qalib gəldik, amma bu gün daha yaxşı oynaya biləcəyimizi düşünmək məyusedicidir.
– Qarşıda “Vikinq” və “Barselona” ilə oyunlarınız var. Kataloniya təmsilçisi barədə nə düşünürsünüz?
– İlk növbədə “Vikinq”lə qarşılaşacağıq. Hazırda “Barselona” haqqında düşünmürəm. Onların dünyanın ən yaxşı komandası olduğunu bilirik, güclü futbolçuları var. Amma növbəti rəqibimiz “Vikinq”dir.
– Həftəsonu “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyuna necə hazırlaşacaqsınız?
– Ən yaxşı oyunlarımızı keçirmək istəyirik. İndi “Qarabağ”la qarşılaşacağıq. Bilirəm ki, bu oyun sizin üçün də çox özəldir. “Sabah” – “Qarabağ” matçında meydanda yenə yüksək keyfiyyətli futbol görəcəyik. Mən də bu oyunu səbirsizliklə gözləyirəm, çünki məhz belə matçlarda oynamaq istəyirsən. Oyuna çox yaxşı hazırlaşacağıq. Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Maraqlı qarşılaşma olacaq. Üstəlik, yeni stadionumuzda oynayacağıq. Bu da xoşdur.


