Çempionlar Liqasının 3-cü turunda “Sabah” “Borussiya”ya 2:1 hesabı ilə məğlub oldu. 

Offsideplus.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında təmsilçimizin çalışdırıcısı Valdas Dambrauskas jurnalistlərin suallarını cavabladı:

“Rəqibin keyfiyyəti də mühüm amildir. Futbol qarşılıqlı münasibətlər oyunudur və sən də yalnız qarşılaşdığın rəqib qədər yaxşısan. Düşünürəm ki, müəyyən məqamlarda rəqibə yaxın səviyyədə çıxış etdik. Topa sahibolma göstəricisində rəqabət apara, oyunun intensivliyinə uyğunlaşa bildik. Pressinq etməyə çalışdıq, bəzi topları ələ keçirdik. Matçın son saniyəsinə qədər oyunun içində idik. Amma etiraf etməliyəm ki, “Borussiya”nın keyfiyyətli futbolçuları daha çoxdur. Onlar yaratdıqları qol fürsətlərindən istifadə etdilər və nəticədə qələbə qazandılar. Onları təbrik edirəm. Bununla belə, komandamla və futbolçularımla hədsiz dərəcədə fəxr edirəm. Onların necə mübarizə apardıqlarını və oyun planını necə yerinə yetirdiklərini yüksək qiymətləndirirəm”.

Çalışdırıcı Patrik Mbinanın performansı barədə də danışıb: 

“Komandamdakı hər bir futbolçu və bu gün meydana çıxan bütün oyunçular haqqında bunu deyə bilərəm. Onların hamısı əlindən gələnin maksimumunu etdi. Komandada 25 futbolçum var. Təbii ki, oyunçular başa düşürlər ki, hər matçda meydana çıxa bilməzlər və bunun üçün çox çalışmalıdırlar. Məşqlərimiz çox rəqabətli keçir, əsas heyətdə yer uğrunda ciddi mübarizə var. Orfe də çox əzmlə çalışır. Bəzi oyunlarda o, bizim üçün daha uyğun seçim olur, bəzilərində isə nisbətən az uyğun gəlir. Amma bu gün hündürboylu və güclü mərkəz müdafiəçilərinə qarşı bizə çox kömək etdi. Boş zonaları tapdı, bir neçə top uğrunda mübarizədə qalib gəldi. Onun çıxışından həqiqətən çox razıyam. Yaxşı performans növbəti uğurlu çıxışla davam edəndə futbolçunun oyun vaxtını artırmaq mümkündür. Bəzən o, komandada daimi yerini belə qazana bilər. Ümid edirəm ki, Orfe bu axşam göstərdiyi oyunun davamını gətirəcək”.

Hesabın daha böyük olmaq ehtimalı haqqında:

“Həmkarım Niko Kovaçla razıyam ki, onlar oyunun taleyini bir qədər əvvəl həll edə bilərdilər. Hesab 3:1 olsaydı, 4:1 də ola bilərdi. Ancaq digər tərəfdən, biz də deyə bilərik ki, son dəqiqələrdə, xüsusilə 98-ci dəqiqədə oyunda qaldıq və Morfe əla qol fürsəti əldə etdi. Bundan sonra Simiç də yaxşı zərbə vurdu, amma top qapıdan keçmədi. Avropanın ən güclü komandalarından birinə qarşı oynayarkən hesabda cəmi 1:2 geridə olursansa və hələ də oyunun içindəsənsə, bu, çox vacib məqamdır”.