NBA 2026/27 mövsümünün startı ərəfəsində liqada 43 ölkədən 125 legioner oyunçunun çıxış edəcəyi açıqlanıb. Bu, NBA tarixində ən çox ölkənin təmsil olunduğu mövsümlərdən biri kimi yadda qalacaq.
Offsideplus.az xəbər verir ki, Fransa NBA-də ən çox legionerə sahib ölkə olub. Hazırda liqada 17 fransalı basketbolçu çıxış edir. Son 13 mövsümdə ilk dəfə liderlik Kanadadan Fransaya keçib. Kanada isə 16 oyunçu ilə ikinci pillədə qərarlaşıb. Avstraliya (9), Almaniya (7), Nigeriya və Serbiya isə hərəyə 6 oyunçu ilə növbəti yerləri bölüşür. Artıq altıncı mövsümdür ki, NBA-də ən azı 120 legioner çıxış edir. Həmçinin, ardıcıl 13 mövsümdür liqada 100-dən çox xarici basketbolçu yer alır. Bütün 30 NBA klubu heyətində ən azı bir legioner saxlayır. Ən çox legionerə sahib klublar isə "Dallas Maveriks", "Mayami Hit" və "Vaşinqton Vizards" olub – hər üç komandanın heyətində 7 xarici oyunçu yer alır.


