İspaniyalı mərkəz oyunçusu Aday Mara "Oklahoma Siti Thunder"in heyətində NBA-də debüt edib və bu qarşılaşmada həm fərdi, həm də komanda baxımından uğurlu çıxış göstərib. Onun valideynləri tribunadan izlədiyi oyunda "Oklahoma Siti Thunder" "San Antonio Spurs" üzərində 116:104 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, Mara debüt matçında 12 dəqiqə meydanda qalıb, 7 xal, 2 ribaund, 1 assist və 1 blokşutla yadda qalıb. Oyunçu bildirib ki, ilk NBA dəqiqələrində komandaya faydalı olduğunu hiss edib: "Artıq rəsmi debüt etdiyim üçün sevincliyəm. Meydanda özümü yaxşı hiss etdim və komandaya kömək etdiyimi düşündüm, bu məni xoşbəxt edir."

Komanda yoldaşları ona matçın topunu hədiyyə ediblər. Mara bu barədə deyib: "Çox duyğusal an idi, çünki komanda yoldaşlarım mənə oyunun topunu verdilər. Buna əvvəlcədən düşünməmişdim. Bu topu xüsusi bir xatirə kimi saxlayacağam."

Debütündə Mara Viktor Vembanyamaya qarşı blokşutla fərqlənib. Fransalı ulduz bu oyunda cəmi 13 atışdan yalnız birini dəqiq yerinə yetirib. Mara bildirib ki, Vembanyamanın oyununu izləməsi ona səbət altında nə ilə qarşılaşacağını öncədən təxmin etməyə kömək edib: "İlk epizodda geriyə dönərək atış etmək istədim, amma vəziyyəti izləyirdim. Onu orada gördüm və dəfələrlə izlədiyim üçün necə oynadığını artıq təxmin edə bilirdim. Ya daha tez tullanmalı, ya da topu yerə vurmalı idim, buna görə də cəhd etdim."

Bu debüt Aday Maranın ailəsi üçün də xüsusi olub. Onun NBA-də ilk oyunu atasının ad gününə təsadüf edib: "Valideynlərimin burada olması, xüsusilə də bu gün atamın ad günü olduğu üçün çox xüsusi idi. Onlarla birlikdə bu anı qeyd etmək və oyunu canlı izləmələri mənim üçün möhtəşəm oldu."