“Azərbaycanın tarixinə düşəcək gün idi”.

Offsideplus.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında voleybolçulardan ibarət “Turan” klubunun prezidenti Həsən Zeynalov deyib.

O, Tovuzda Xorvatiya “Mladost”una 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu ilə bağlı fikirlərini bölüşüb: “Sevincimizin həddi-hüdudu yoxdur. Bütün tovuzlulara təşəkkür edirəm. Sağ olsunlar, bizi tək buraxmadılar. Hamı həvəslə gəlmişdi və ürəklə iştirak etdi. Komandamızın ən böyük və xüsusi fərqi odur ki, uduzsaq belə, bu, heç vaxt mübarizəsiz ola bilməz. Azərkeşlərimiz möhtəşəm idilər. Demək olar ki, 3 setlik mübarizənin yarısını onlar, yarısını isə bizim komanda uddu”.

Zeynalov bildirib ki, komanda qələbələrin ardını gətirmək niyyətindədir: “3:0 hesabı bizi aldatmasın. Oyun heç də asan keçmədi. “Mladost” bizimlə görüşədək 4 rəsmi matç keçirmişdi. Biz isə cari mövsümdə ilk rəsmi oyunumuza çıxırdıq. Sevinirik ki, hər şey yaxşı oldu. Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsidir”.