İspaniya La Liqasının IX turunda "Barselona" ilə "Betis" arasında keçirilən qarşılaşmada baş verən insidentə görə "Betis"in yarımmüdafiəçisi Fakundo Bernal dörd oyunluq diskvalifikasiya edilib.

Offsideplus.az xəbər verir ki, 54-cü dəqiqədə baş verən hadisə zamanı Bernal və "Barselona"nın gənc futbolçusu Lamin Yamal arasında gərginlik yaşanıb. "Betis"in qapıçısı Alvaro Vallesin Fermin Lopesə kömək etmək istədiyi an Bernal Yamalı itələyib, Yamal isə cavab olaraq rəqibini itələyib. Bundan sonra Bernal ispan futbolçunu boğazından tutaraq başı ilə iki dəfə üz nahiyəsinə zərbə endirib. Yamal yerə yıxılıb və üzünü əlləri ilə örtüb. Hakim Rikardo de Burqos Benqoeçea Bernala birbaşa qırmızı vərəqə, Yamala isə sarı vərəqə göstərib.

İspaniya Futbol Federasiyasının intizam komitəsi Bernalın hərəkətini ciddi qayda pozuntusu kimi qiymətləndirib və onu dörd oyunluq cəza ilə cəzalandırıb. Komitənin qərarında qeyd olunub ki, Bernal top oyunda olmadığı vaxtda rəqibin boğazından tutaraq ardıcıl iki dəfə başı ilə üzünə zərbə endirib. Yamal tibbi yardıma ehtiyac duymadan oyunu davam etdirib.

"Betis" klubunun etirazları və insidentin əvvəlində Yamalın iştirakının nəzərə alınması ilə bağlı müraciəti qəbul edilməyib. Bernal La Liqada "Selta", "Malaqa" və "Elçe" ilə oyunları, eləcə də İspaniya Kubokunun ilk mərhələsində "Navalkarnero" ilə qarşılaşmanı buraxacaq. Bu isə ona "Sevilya" ilə derbidə iştirak etmək imkanı verəcək.