Fransalı hücumçu Kilian Mbappe zarafatyana "Qızıl top" mükafatına layiq görülüb.

Offsideplus.az xəbər verir ki, bu hadisə komediya ustası İlies Cadelin aparıcısı olduğu Djadel Show proqramında baş verib. Proqramın yeni buraxılışı 20 oktyabrda Netflix platformasında yayımlanıb. Cadell "Real Madrid"in futbolçusuna karyerasında bir çox uğura imza atdığını, lakin bir mükafatın çatışmadığını xatırladıb. Ardınca o, 2026-cı ilin "Qızıl top"unu təqdim etmək üçün zarafatyana mərasim təşkil edib. Aparıcı mükafatın "Mobutu... Mbappeyə" verildiyini elan edib və burada bilərəkdən futbolçunun soyadını səhv tələffüz edib. Bu zarafat internetdə Mbappe ilə keçmiş Zair prezidenti Mobutu Sese Seko arasında edilən müqayisəyə işarədir. Sosial şəbəkələrdə Mbappenin komandadakı təsirinə və guya avtoritar xarakterinə görə ona "Mobutu" ləqəbi verilib.

Mükafat elan edildikdən sonra Mbappe səhnəyə çıxıb və rəqqaslar, parıltılar arasında mini "Qızıl top"u alıb. Tədbirdə "Real Madrid"in digər futbolçusu Orelien Çuameni də iştirak edib.