İngiltərə üçüncü divizionunda keçirilən "Luton" – "Barnsli" oyunundan sonra baş məşqçilər Cek Uilşir və Daniel Ştendel arasında insident baş verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşma zamanı meydana çıxan bir epizodla bağlı tərəflər arasında mübahisə yaranıb. Final fitindən sonra "Arsenal"ın və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Uilşir Ştendellə əl sıxmaq üçün yaxınlaşıb, lakin bu, qarşıdurmaya səbəb olub. Uilşir "Barnsli"nin baş məşqçisini itələyib və barmağı ilə ona işarə edib.
Hadisə 2022-ci ilin avqustunda "Çelsi" – "Tottenhem" matçından sonra Tomas Tuxel və Antonio Konte arasında yaşanan gərginliyi xatırladıb. Həmin vaxt da məşqçilər final fitindən sonra əl sıxarkən mübahisə etmişdilər.
Uilşir emosiyalarını belə izah edib: "Onlar da qalib gəlmək istəyir, biz də. Onlara və etdiklərinə böyük hörmətim var. Bilirəm, nəticə əldə edə bilmirlər, amma işlərini görürlər. Onlarla oynamaq çətindir, çünki yaxşı futbolçuları var".
Ştendel isə baş verənləri anlaşılmazlıq adlandırıb və ciddi qarşıdurma olmadığını bildirib.
Bütün turnirlərdə ardıcıl beşinci məğlubiyyətini alan "Barnsli" 22-ci pillədə qərarlaşıb. "Luton" isə 13-cü yerə yüksəlib.


