'Liverpul'un baş məşqçisi Andoni İraola Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda 'Vilyarreal' üzərində 4:3 hesablı qələbə barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, İraola ilk hissədə rəqibin daha üstün olduğunu, ikinci hissədə isə 'Liverpul'un təşəbbüsü ələ aldığını bildirib. O qeyd edib ki, komanda təzyiq altında yaxşı oynasa da, arxayınlaşanda səhvlərə yol verir: "Çox güclü rəqiblərə qarşı arxayınlaşmaq olmaz. Bu qələbəni yüksək qiymətləndirirəm. Anlamalıyıq ki, imkanlarımızın son həddində oynamasaq, işimiz çətin olacaq. Bu mövsüm çox qol buraxırıq və bunun üzərində işləməliyik."

İraola iki assist edən Rio Nqumoa barədə də danışıb: "Rio məni çox razı salır. Ona diqqət çəkdiyimiz məqamları düzəltməyə çalışır. İndi daha çox sağ cinahda çıxış edir və yaxşı uyğunlaşıb. Mərkəzə tez-tez keçir. İlk hissədə müdafiədə çətinlikləri olsa da, ikinci hissədə daha yaxşı oynadı. O, getdikcə daha universal oyunçuya çevrilir və cəmi 18 yaşı var. İlk hissədə rəqib mərkəzi yükləyirdi. Biz də Ryan Qravenberxi sağ müdafiəçi mövqeyinə çəkdik ki, onun Rio ilə qarşılıqlı oyunu sayəsində daha çox təhlükə yaradaq. Ryanı çox yüksək qiymətləndirirəm. Oyunumuza bir istiqamət vermək və sol cinahda fəallığı artırmaq qərarına gəldik. Bunun sayəsində ilk hissəni yaxşı bitirdik və ikinci hissəyə uğurla başladıq."