“Borussiya”ya qarşı oyunda “Sabah”ın yeganə qoluna imza atan Eyden Makkarti matçdan sonra Offsideplus.az-a müsahibə verib.

O, əvvəlcə qolunu və oyunu şərh edib:

“Əlbəttə, nəticə bizim üçün yaxşı deyil. Bu oyundan öyrənəcəyimiz çox şey var. Amma UEFA Çempionlar Liqasında ilk qolumu vurmağım və bunu “Sabah”ın heyətində etməyim mənim üçün çox böyük hadisədir. Bu, karyeramda xüsusi yer tutacaq və heç vaxt unutmayacağım anlardandır”.

Cənubi Afrikada da onun qoluna sevinənlər çox olacaq. Makkarti ölkəsindəki azarkeşlərə və ailəsinə də təşəkkürünü çatdırıb:

“Bu, hər kəsin xatırlayacağı və sevincini bölüşəcəyi anlardandır. Sosial şəbəkələrdə böyük coşqu olduğunu görürəm, baş verənləri izləyirəm. Vətənimdəki bütün azarkeşlərə, mənə dəstək olan insanlara və ailəmə sevgimi çatdırmaq istəyirəm. Onların hər bir dəstəyini görürəm və buna görə çox minnətdaram”.

O, “Slaviya” ilə müqayisədə daha çox azarkeşin iştirak etdiyi, “Borussiya” tərəfdarlarının da fəallığı ilə seçilən atmosfer barədə də danışıb:

“Məncə, atmosfer çox yaxşı idi. Gəldiyim ölkədə 100 min azarkeş tutumu olan stadionlarda da oynamışam. Buna görə də atmosfer mənə təsir etmir. Meydanda olduğum zaman bütün diqqətimi oyuna yönəldirəm”.