FIFA 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq U-20 Dünya Çempionatının rəsmi brendini və “Bu oyun sənlikdir” şüarını təqdim edib.

Offsideplus.az xəbər verir ki, turnirin vizual konsepsiyası hər iki ölkənin mədəni irsindən — yerli kaşı və mozaikalardan ilhamlanaraq müasir naxışlar və parlaq rəng keçidləri ilə hazırlanıb. Rəsmi emblemdə yer alan "U" hərfi gənc oyunçuların futbolun gələcəyini formalaşdırmaq potensialını və "SƏN" mənasını simvolizə edir.

FIFA-nın baş katibi Mattias Qrafström, AFFA-nın prezidenti Rövşən Nəcəf və Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Ravşan İrmatov bu çempionatın gənc futbolçuların inkişafı, təcrübə qazanması və ölkələr arası dostluq əlaqələrinin möhkəmlənməsi üçün böyük platforma olduğunu vurğulayıblar.

Brendin təqdimatı münasibətilə bu gün Bakı və Daşkəndin tanınmış məkanlarında xüsusi tədbirlər keçiriləcək. Qeyd edək ki, 1977-ci ildən keçirilən turnirin 50 illiyinə təsadüf edəcək bu mundial sayca 25-ci çempionat olacaq.

Arena həyəcanını canlı yaşamaq istəyən azarkeşlər "FIFA.com/tickets" səhifəsində bilet qeydiyyatından keçə bilərlər.