"İmişli" son ilyarım ərzində 3-cü yanlış qərarını verdi: Fərid Namazovun göndərilməsi, Jorj Kaşkilyanın göndərilməsi və yenidən Fərid Namazovun göndərilməsi...
Təəssüflər olsun ki, Aran təmsilçisinin rəhbərliyi hissləri ilə qərar verməkdə davam edir. Bu yazını isə ötən yox, məhz bu mövsümə, geridə qalan 7 tura həsr etmək istəyirəm.
Mövsümə çal-çağırla başlayan, avrokubok iddialarının olacağını deyən "İmişli" əvvəlcə loqolarını, sonra mətbuat katibini dəyişdi. Hə, bir də stadionu... Qubadan Yevlaxa köçdü. İmişli təmsilçisi Şamaxı və Qubanın ardından bu dəfə Yevlaxı təmsil etməyə qərar verdi.
Fərid Namazov I Liqada da oyun tərzi ilə seçilən gənc məşqçilərdən idi. U-21 millimizin rekord xal yığmasında da Namazovun rolu var ("İmişli"də işləmədiyi müddətdə Rəşad Eyyubovun əsas köməkçisi idi). Oynadığı 7 oyunun 5-i çempionluğa iddialı komandalarla idi. O matçlarda da öz üslubunu ortaya qoya bilmişdi.
Mövsümün əvvəlində baş məşqçidən soruşulmadan saysız-hesabsız legionerlər gətirildi. Klubda futbol adamı yox idi. Futbolu bilən yox ha, sırf futbol adamı. Bu məqsədlə Rəsul Allahverdiyev şef-skaut vəzifəsinə təyin olundu. Amma son 10 gün ərzində köməkçi məşqçi Zamir Həsənov, Rəsul Allahverdiyev və Fərid Namazovla yollar ayrıldı.
Klubun prezidenti Kamran Eyyubovun məşqçilik üzrə C kateqoriyası var. Bəlkə də hazırda komandanı özü çalışdırır. Sadəcə lisenziyası çatmır deyə həftəsonu "Turan Tovuz"la oyuna başqa məşqçi çıxaracaq.
Xülasə, "pələnglər" bu meşədən sağ çıxmaqda çətinlik çəkir. Ötən mövsümün "Karvan"ı olmamaq üçün çıxış yolu tapmaq lazımdır. Hə, bir də... Vaxt olsa, arada İmişliyə qayıtmaq haqqında da düşünsələr, yaxşı olar...


