"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Çexiyanın "Slaviya" (Praqa) klubuna 2:0 hesabı ilə qalib gəldiyi oyunu tanınmış mütəxəssis Şahin Diniyev dəyərləndirib.

Offsideplus.az-a açıqlama verən təcrübəli məşqçi Bakı təmsilçisini tarixi uğur münasibətilə təbrik edib:

"Sabah"ı bu tarixi qələbə münasibətilə təbrik edirəm. Çox maraqlı qarşılaşma alındı. Oyunu iki hissəyə bölmək olar: ilk yarı tam "Sabah"ın üstünlüyü ilə keçdisə, ikinci hissədə vurduğumuz qoldan sonra "Slaviya" təzyiqi artırdı.

Ümumilikdə, hər iki komanda bir-birinin dişinə uyğun idi. Statistika və oyunun gedişatı bərabərsəviyyəli mübarizədən xəbər verirdi. Sadəcə "Sabah" rasional oynadı və 90 dəqiqə ərzində gücünü düzgün bölüşdürə bildi.

Ən başlıcası, "Sabah" futbolçuları kreativlik nümayiş etdirərək yaratdıqları qol vəziyyətlərindən maksimum istifadə etdilər. Rəqibdə isə bu ustalıq çatmadı. Ona görə də düşünürəm ki, tam layiqli qələbə qazandıq. Komanda fiziki cəhətdən də sonadək dözdü. İlk dəqiqədən 90-cı dəqiqəyə kimi sabit və kompakt futbol nümayiş etdirdilər.

Məncə, matçın ən yaxşısı İvan Lepinitsa idi. Onun meydandakı faydalı iş əmsalı çox yüksək oldu və bu qələbədə böyük rol oynadı".