Bakı təmsilçisi Çempionlar Liqasının liqa mərhələsində Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edərək möhtəşəm qələbəyə imza atdı.
Bakı Olimpiya Stadionunda 30 minə yaxın azarkeşin dəstəyi ilə meydana çıxan "bayquşlar" güclü rəqib qarşısında əsl xarakter nümayiş etdirdi. İlk hissədə qapılar toxunulmaz qalsa da, ikinci yarıda "Sabah"ın üstünlüyü öz bəhrəsini verdi.
Belə oyunlarda "futbol tanrısı"nın da köməyi lazımdır. Yaxşı ki, dünən bütün şanslar "Sabah"ın tərəfində idi. Çexlərin 3 yüzdəyüz epizodu qolla nəticələnmədi, müdafiə xəttimiz inamlı oynadı.
Düzdür, Kahim Parrisin ilk hissədəki qolu ofsayd səbəbi ilə qeydə alınmamışdı. Amma orada nə ofsayt var idi? Demək çətindir.
49-cu dəqiqədə Kahim bütün qaydalar çərçivəsində rəqib qapısına yol taparaq hesabı açdı. Matçın sonlarına doğru – 88-ci dəqiqədə isə Coy-Lens Mikels "Slaviya"nın ümidlərini puça çıxardı və qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirdi – 2:0!
Bu, sadəcə, qələbə deyil, Azərbaycan futbolunun Avropa səhnəsində iddiasını göstərən mühüm nəticədir. "Sabah" həm mübarizəsi, həm əzmkarlığı, həm də meydandakı inamlı oyunu ilə ən xoş sözlərə layiq çıxış etdi.
Çexiya futbolunun köklü təmsilçilərindən biri olan "Slaviya Praqa"nı iki cavabsız qolla məğlub etmək Bakı klubunun potensialını bir daha ortaya qoydu. "Sabah" sübut etdi ki, böyük səhnədə yalnız iştirak etmək deyil, nəticə qazanmaq üçün də mübarizə aparmaq gücündədir.
İndi diqqətlər növbəti sınağa yönəlir. "Sabah" bu qələbənin verdiyi inamla yoluna davam etməyə hazırdır. Azərbaycan futbolu üçün qürurverici olan bu gecə isə azarkeşlərin yaddaşında uzun müddət qalacaq!


