Benin millisinin baş məşqçi köməkçisi Tunde Adelakun Lionel Messinin Argentina yığmasındakı vida oyununda komandasına qarşı yetərincə hörmət göstərilmədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, 7 oktyabrda keçirilən qarşılaşmada Argentina Benini 3:0 hesabı ilə məğlub edib. Messi bu oyunda iki qol ötürməsi verib və bir penalti zərbəsini dəqiq yerinə yetirib.

Adelakun qeyd edib ki, Benin yığması Messiyə ehtiram göstərmək üçün uzun və çətin yol qət edib: "Biz səfərdən əvvəl böyük həyəcan yaşayırdıq. Komandamız əvvəlcə Burkina Faso ilə heç-heçə edib, sonra isə Mavritaniyanı 2:1 hesabı ilə məğlub edərək qrupda liderliyə yüksəldi. Daha sonra isə üç qrup şəklində uzun uçuşdan sonra Argentinaya yollandıq. Oyun boyunca Messiyə göstərilən ehtiramı hiss etdik və bu, onun karyerasının zirvəsi idi. Messi 90 dəqiqə meydanda oldu və əsl ulduz olduğunu bir daha sübut etdi. Hesab 0:3 olsa da, biz xüsusilə birinci hissədə yaxşı oynadıq və rəqibə müqavimət göstərdik."

Məşqçi bildirib ki, oyundan sonra Argentina millisinin nümayəndələri Benin futbolçuları ilə ünsiyyətdən yayınmağa çalışıblar: "Oyun bitdikdən sonra salamlaşmalar çox soyuq və tələsik oldu. Futbolçularımız Messiyə yaxınlaşmaq, onunla şəkil çəkdirmək və əl sıxmaq istəyirdilər, lakin təhlükəsizlik xidməti buna imkan vermədi. Onların davranışı sanki biz təhlükəli adamlar idik. Bu, xüsusilə gənc oyunçularımız üçün məyusedici oldu. Biz Messiyə ehtiram göstərmək üçün gəlmişdik, lakin bu münasibət bizi narahat etdi."