Misli Premyer Liqasının son turunda "İmişli"ni məğlub edən "Qarabağ" liderlər sırasına yüksəlib.
Futbol mütəxəssisi Aslan Kərimov Ağdam təmsilçisinin mövsümün startındakı çıxışını və yeni transferlərin uyğunlaşma prosesini Offsideplus.az-a dəyərləndirib:
"İmişli" ilə oyuna baxdım və qənaətim budur ki, öyrəşdiyimiz "Qarabağ" hələ də meydanda yoxdur. Yani, keçən mövsüm Çempionlar Liqasında oynayan komandanın dinamikası hiss olunmur. Yeni transferlərin adaptasiyasına gəlincə, son matçda müəyyən çətinliklər görünürdü. Əlbəttə, süni örtük də təsiredici faktordur.
Uyğunlaşma prosesi hələ başa çatmayıb. Çünki bizim bildiyimiz "Qarabağ" artıq ən üst səviyyəyə çatmışdı. Cinah müdafiəçilərinin hücuma qoşulmasında, yarımmüdafiəçilərin "birəbir" mübarizələrdəki oyununda və kombinasiyalarda çatışmazlıqlar sezilir.
Təbii ki, adaptasiya hər futbolçu üçün fərdidir. Hamının eyni vaxtda uyğunlaşacağını demək düzgün olmazdı. Kiməsə az, kiməsə çox vaxt lazımdır. Məsələn, Muaddib cinah oyunçusudur və fərdi ustalığından daha çox istifadə etdiyi üçün onun adaptasiyaya o qədər də çox ehtiyacı yoxdur.
Son dönəmdə "Qarabağ"da birdən-birə 6-7 mövqe dəyişdi, komandanın yarısı yeniləndi. Bu baxımdan prosesi normal qarşılamaq lazımdır.
Görək bundan sonra necə olacaq. Ən azından Savonun "İmişli"nin müdafiəçilərini rahatlıqla keçməsi ümid verir ki, tam formaya düşəndən sonra "Qarabağ"a böyük köməyi dəyəcək".


