Keçmiş UFC çempionu Demetrius Conson Şon Striklendə təşkilatla olan müqaviləsini sona çatdırıb ayrılmağı məsləhət görüb. Conson bildirib ki, özü də vaxtilə eyni vəziyyətdə olub və çempion olmasına baxmayaraq, müqaviləsini sona qədər yerinə yetirib, çünki daha çox qonorar almaq istəyib, lakin təşkilat bunu ödəməyə hazır olmayıb.

Offsideplus.az xəbər verir ki, Demetrius Conson bu barədə deyib: "Mən onun yerində olmuşam. Çempion olanda sadəcə müqaviləmin sonuna qədər döyüşdüm, çünki daha çox pul qazanmaq istəyirdim, amma bunu ödəmirdilər. Burada əsas məsələ budur: döyüşmək istəyirsən, yoxsa yox? Daha çox qazanmaq istərdimmi? Əlbəttə, yüz faiz. Amma burada oturub daim şikayətlənmək fikrim yoxdur. Axırda bu, Striklendin yoludur. Bu, onun karyerasıdır. Əgər narazıdırsa, onun narazılıq haqqına hörmətlə yanaşıram. Amma bu, o demək deyil ki, onunla razıyam. O, müqavilə imzalayıb və hələ beş döyüşü qalıb". Qeyd edək ki, Striklend daha əvvəl UFC ilə müqaviləsindən narazı olduğunu açıqlayıb və bu ilin sonunda Nassarudin İmavovla döyüş təklifini rədd edib.