Misli Premyer Liqasında VII tura yekun vurulub.
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədən sonra elitanın ilk görüşündə "Kəpəz" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib (2:0). Yaxşı forma yaxalayan gəncəlilərin bu görüşdəki qələbəsi gözlənilən idi. Mövsümdə 3-cü qələbəsini qazanan qərb təmsilçisi xallarının sayını 10-a çatdıraraq turnir cədvəlinin yuxarı pillələrinə doğru irəliləyib.
Turun mərkəzi qarşılaşmasında "Neftçi" öz meydanında "Sabah"ı qəbul edib. Çempionluq mübarizəsi aparan iki paytaxt təmsilçisinin duelini tribunalardan 7 mindən çox azarkeş canlı izləyib. Matçın startından etibarən gərginlik pik həddə olub, ikinci hissədə isə kulminasiyaya çatıb. Görüşdə qol vurulmasa da, dinamik və qarşılıqlı hücumlar şəraitində keçən oyun azarkeşlərə həyəcanlı anlar yaşadıb.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bu matçda 3 aparıcı futbolçusunu – Umarali Raxmonalıyev, Aleksey İsayev və Coy-Lens Mikelsi ehtiyatda saxlayaraq yalnız 62-ci dəqiqədə meydana buraxıb. Offsideplus.az əməkdaşının rotasiyanın səbəbi ilə bağlı sualını cavablandıran litvalı mütəxəssis, 20 gün ərzində birgə məşq etdiyi və daha yaxşı bələd olduğu heyətə şans verdiyini bildirib. Bir sözlə, mərkəzi matçda qoldan başqa hər şey var idi.
Gərgin keçən digər qarşılaşma Zirədə baş tutub. Azər Bağırovun rəhbərlik etdiyi "Şamaxı" Rəşad Sadıqovun "Zirə"sinə qonaq olub. İlk hissə meydan sahiblərinin aşkar üstünlüyü ilə keçsə də, hesab açılmayıb. İkinci yarıda "Şamaxı" önə keçsə də, "Zirə" tarazlığı bərpa edə bilib – 1:1.
"Sumqayıt" isə "qələbəsizlik orucunu" doğma azarkeşləri önündə pozub. Ev sahibləri "Qəbələ"ni darmadağın edərək rəqib qapısından 4 top keçiriblər.
Ölkə çempionatlarında 1000-ci oyununa çıxan "Qarabağ" yubiley matçında "İmişli"ni 2:0 hesabı ilə üstələyib. Görüşdə Cali Muaddib 1 qol və 1 məhsuldar ötürmə ilə ulduzlaşıb. Bu qələbə ilə xallarını 16-ya çatdıran Ağdam təmsilçisi zirvədəki "Neftçi" və "Sabah"a şərik olub.
Turun son qarşılaşmasında "Turan Tovuz" "Şəfa"nı minimal hesabla məğlub edib (1:0). Aşağı tempdə keçən görüşdə vurulan tək qol tovuzlulara vacib 3 xalı qazandırıb.


