"Baskoniya" klubu Kamerunlu mərkəz oyunçusu Kristian Kolokonun transferi üçün ciddi addımlar atır. İspaniyanın "El Correo" nəşrinin məlumatına görə, EuroLeague təmsilçisi 26 yaşlı basketbolçuya müqavilə təklifi göndərib və bu transferlə Avropa arenasında uğursuz startı aradan qaldırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Vitoriya-Qasteys təmsilçisi Kolokonun 2,12 metr boya və güclü müdafiə qabiliyyətinə görə heyətində görmək istəyir. 2022-ci ildə NBA dreftində 33-cü seçimlə Arizona Universitetindən seçilən Koloko indiyədək "Toronto Reptors", "Los Anceles Leykers", "Memfis Qrizlis" və "Atlanta Hoks"da ümumilikdə 122 oyunda çıxış edib. O, son olaraq "Nyu Orlean Pelikans"ın düşərgəsində təlim-məşq toplanışında iştirak etsə də, mövsüm başlamazdan əvvəl komandadan ayrılıb.

Baş məşqçi Paolo Qalbiati üçün Kolokonun transferi prioritet hesab olunur. "Baskoniya" ACB Liqasında 3–0 hesabı ilə uğurlu çıxış etsə də, EuroLeague-də 1–3 nəticə ilə turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Əgər tərəflər arasında razılıq əldə olunsa, Kolokonun vətəndaşlığı "Baskoniya"ya onu yerli oyunçu kimi qeydiyyatdan keçirməyə imkan verəcək. Bu isə klubun heyətində əlavə çeviklik yaradacaq.

Qeyd edək ki, Koloko Kamerun millisinin heyətində FIBA Dünya Kubokunun 2027-ci il seçmə mərhələsində üç oyunda iştirak edib.