Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) gənc istedadların üzə çıxarılması və uşaq futbolunun inkişafı məqsədilə yeni rəqəmsal layihələrini təqdim edib.

Offsideplus.az xəbər verir ki, tədbirdə match.affa.az saytı və @affa.istedadlar sosial media kanallarının rəsmi təqdimatı keçirilib.

Mərasimdə çıxış edən AFFA-nın baş katibi Cahangir Fərəcullayev 2026-cı ilin praktiki olaraq uşaq futbolu ili kimi qiymətləndirilə biləcəyini vurğulayıb:

"Bir çox yeni layihələrə start verilib, uğurlu təşəbbüslər bərpa edilib. Ən möhtəşəm məqamlardan biri U-15 Dünya Çempionatının festivalı və Milli Mərkəzdə qurulan yeni yarış-məşq infrastrukturudur. Çempionatdan sonra 10 mindən çox azarkeş tutumu olan dünyanın en müasir standartlarına uyğun bu stadion uşaq-gənclər futbolunun istifadəsinə veriləcək".

Milli komanda ətrafındakı müzakirələrə də toxunan baş katib azarkeşləri dəstək olmağa çağırıb:

"Milli komandamızın çıxışlarında müəyyən neqativ hallar yaransa da, komandanın yanında olmaq lazımdır. Biz bu uşaqları gələcəkdə milli komandanın şərəfini qorumaq üçün hazırlayırıq. Yaxşı gündə də, çətin gündə də millimizi dəstəkləməliyik. Əsas prioritetimiz uşaq futboludur və əminəm ki, bu günün 14, 15, 16 yaşlı uşaqları gələcəyin güclü milli komandasını formalaşdıracaqlar".

Tədbir çərçivəsində gənc oyunçuların inkişafını izləməyə imkan verən "Eyeball" layihəsinin ilkin uğurlu nəticələri diqqətə çatdırılıb, həmçinin iki gənc futbolçuya AFFA tərəfindən mükafat təqdim olunub.