NBA-nın hazırlıq oyununda "Denver Nagets"in ulduzu Nikola Yokiç parlaq çıxışı ilə komandasına qələbə qazandırıb.
Offsideplus.az xəbər verir ki, serbiyalı mərkəz oyunçusu sonuncu hissədə təşəbbüsü ələ alaraq "Çikaqo Bulls" üzərində 133:128 hesablı əzmkar qələbənin əsas memarı olub.
Yokiç cəmi 26 dəqiqə meydanda qalmasına baxmayaraq, 22 xal, 11 ribaund və 10 assistlə triple-double snəticə göstərib. O, həmçinin bir blokşutla da yadda qalıb və cəmi 12 atışdan 8-ni dəqiq yerinə yetirib, bir dəfə isə üçxallıq atış ilə fərqlənib.
"Çikaqo Bulls"un start heyətində çıxış edən litvalı Matas Buzelis 13 xal, 6 ribaund, 3 assist və bir blokla komandasına dəstək olub. Ehtiyat oyunçular sırasında fransalı Noa Essanq 8 xal, 6 ribaund, 2 assist və bir top oğurlama ilə seçilib.
Günün digər oyunlarında "Klivlend Kavalers" "Orlando Mecik" üzərində 119:105 hesabı ilə qalib gəlib. "Şarlott Hornets" isə "Miluoki Baks"ı 105:90 hesabı ilə məğlub edib.


