Misli Premyer Liqasında 8-ci tur bu gün start götürür. Mərkəzi qarşılaşma isə sabah keçiriləcək.
Söhbət "Azərbaycan derbisi"ndən gedir – "Qarabağ" "Neftçi"ni qəbul edəcək. Bu derbi əvvəlkilərdən daha həyəcanlı və maraqla gözlənilir. Çünki bu, sadəcə ən köklü iki komandanın oyunu yox, həm də liderlərin duelidir.
"Neftçi"nin ən zəif vaxtlarında belə bu oyunun afişası ən diqqətçəkən qarşılaşma kimi görünürdü. Bu dəfə isə qalib gələn tərəf zirvəyə yüksələcək (ən azı bir günlük).
7 turdan sonra hər iki komandanın 16 xalı var. Lakin "Qarabağ" bir oyun daha az keçirib. "Neftçi" isə 18 qolla çempionatın ən çox qol vuran komandasıdır.
Məşqçi dəyişikliyindən sonra komandalar iki oyun keçiriblər. Birində "kəhər atlar", digərində isə paytaxt təmsilçisi qələbə qazanıb. Maraqlıdır ki, flaqman bu qələbəni nə az, nə çox, tam 5 ildən sonra əldə edib. Hətta 2024/2025 mövsümü və ötən "futbol ili"nin ilk oyununda (ardıcıl 5 matçda) "Neftçi" "Qarabağ"ın qapısından top belə keçirə bilmirdi.
"Neftçi" yüksəlişdədir. Komanda 13 ildən sonra ilk dəfə avrokuboklarda mübarizə aparmayan "Qarabağ"la ilk dövrədə üz-üzə gələcək. Ağdamlılar hələ ki uyğunlaşma prosesi keçsələr də, futbolçular hər zaman bildiriblər ki, "Neftçi" ilə oyuna əlavə motivasiya ilə çıxırlar. Nəzərə alaq ki, bu, liderlik uğrunda görüşdür. Sonuncu dəfə bu komandaların liderlik uğrunda matçı 2020/21 mövsümündə olmuşdu; həmin vaxt "Neftçi" 90-cı dəqiqədə Əhməd Əhmədovun qolu ilə 7 ildən sonra ölkə çempionluğunu bayram etmişdi.
15-20 min azarkeşin oyunu canlı izləyəcəyini təxmin etmək olar. Sabah Bakıda futbol bayramı yaşanacaq. Qarşılaşma saat 19:00-da ölkə futbolunun məbədində – Tofiq Bəhrəmov adına Respublika Stadionunda start götürəcək.


