"Qolden Steyt Uorriors" yeni mövsümə Kristaps Porziņqisin qeyri-müəyyən vəziyyəti ilə start verir. Latviya millisinin üzvü şəxsi tibbi səbəblərə görə komandanın təlim-məşq toplanışını buraxıb və hazırda meydançadan uzaq qalır.
Offsideplus.az xəbər verir ki, klub Porziņqisin vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat verməyib. Baş məşqçi Stiv Kerr bildirib ki, 31 yaşlı forvard-mərkəzlə mesajlaşsa da, hələ üzbəüz görüşməyib: "O, komanda ətrafında olacaq, amma hər gün Kristaps barədə danışmayacağıq. Rəsmi məlumat olduqda paylaşacağıq", – deyə 61 yaşlı mütəxəssis qeyd edib.
Porziņqisin səhhəti ilə bağlı gizlilik sosial şəbəkələrdə müxtəlif şayiələrə səbəb olub. Basketbolçu özü isə ekspertlərlə işlədiyini və irəliləyiş hiss etdiyini açıqlayıb, azarkeşlərdən səbirli olmalarını xahiş edib.
2015-ci ildə "Nyu-York Niks" tərəfindən dördüncü seçimlə NBA dreftində seçilən Porziņqis 2024-cü ildə "Boston Seltiks"lə çempionluq yaşayıb. Karyerası ərzində zədələr səbəbindən 561 oyunda iştirak edən latviyalı ulduz bu ilin fevralında "Qolden Steyt"ə transfer olunub. O, ötən mövsüm 15 oyunda meydana çıxıb və yayda iki illik yeni müqaviləyə imza atıb.
Porziņqisin son yoxluğu "Qolden Steyt"in heyətində ciddi boşluq yaradıb. Komanda cümə günü "Portland Treyl Bleyzers"ə qarşı yoxlama oyununu başa vuracaq. Gələn həftə isə mövsümün açılış matçında "Los Anceles Leykers" və Luka Donçiçin çıxış etdiyi "Dallas Maveriks"lə qarşılaşacaq.


