"Beşiktaş" klubu televiziya şərhçisi İbrahim Kutluayın Lonni Uokerin transferi ilə bağlı səsləndirdiyi iddialara rəsmi münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, mübahisə 27 yaşlı basketbolçunun komandaya qoşulmasının elanından dərhal sonra başlayıb. "NOW Spor" kanalında çıxış edən 51 yaşlı Kutluay transferin qısa müddətdə baş tutmasını şübhə altına alıb.

O, agent Mişko Raznatoviçin bir neçə gün əvvəl Uokerin "Denver Nuqqets"in heyətində olduğunu paylaşdığını xatırladıb və həm baş məşqçi Duşan Alimpyeviçin, həm də Raznatoviçin serbiyalı olduğunu vurğulayaraq şəxsi əlaqələrin obyektiv meyarlardan üstün tutulduğunu iddia edib.

"Beşiktaş" rəhbərliyi bu fikirlərə sərt reaksiya verib. Klubun yaydığı açıqlamada keçmiş oyunçunun transfer prosesi ilə bağlı əsassız ittihamlar səsləndirdiyi bildirilib. Klub rəhbərliyi qeyd edib ki, media nümayəndəsinin Avropanın ən uğurlu oyunçularından birinin transferinə kölgə salması qəbuledilməzdir. "Beşiktaş" Kutluaydan ya konkret sübut təqdim etməyi, ya da ictimaiyyət qarşısında üzr istəməyi tələb edib. Əks halda, klub rəhbərliyi məsələnin EuroLeague rəhbərliyinə çatdırılacağını və müvafiq sanksiyaların tətbiq olunması üçün addımlar atılacağını bəyan edib.

Bu hadisə komandanın kritik dönəmində baş verib. Alimpyeviçin yetirmələri hazırda Avropa arenasında 2–3 göstəricisi ilə play-In  zonasından kənarda qərarlaşıb. "Beşiktaş" növbəti qarşılaşmada "Bayern Münhen"i qəbul edəcək. Daxili çempionatda isə komanda 1–2 nəticə ilə start götürüb.