Gələn həftə ölkə çempionumuz “Qarabağ”ın Çempionlar Liqası macərası başlayacaq.

Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində ya “Linkoln Red İmps”, ya da “Hamrun Spartans”la qarşılaşacaq. Müqayisə etməli olsaq, “Qarabağ” bu rəqiblərinin hər ikisindən güclüdür. Amma yenə də ehtiyyatlı olmaq lazımdır.

Azərbaycan çempionunun rəhbərliyi bu mövsüm qarşılarına daha böyük hədəf qoyub. “Köhlən atlar” ilk dəfə 36 komanda ilə keçiriləcək turnirdə iştirak etmək istəyir. Ağdam təmsilçisi bunu edəcək potensialdadır? Əlbəttə!

Bəs, heyətdə hansı problem var? Nə “Qarabağ”a hədəfinə çatmağına maneə ola bilər? Qapıçı problemi!

Bəli, ağdamlılar 2023/24 mövsümdə Avropa Liqasında 1/8 finala vəsiqə qazanan heyəti qoruya bildi. Juninyo, Yankoviç, Zubir, Leandro Andrade, Julio Romao, Elvin, Veşoviç, Bədavi, Bəhlul kimi əsas üzvləri kollektivi tərk etmədi. Lakin Andrey Lunyovun və Luka Quqeşaşvilinin hər ikisinin “Qarabağ”dan ayrılması heyətdə boşluq yaratdı. Düzdür, rusiyalı qolkiper ağdamlılara çox problem yaşatdı. Meneceri ölkə mətbuatını lazımsız açıqlamaları ilə bir-birinə qatdı. Futbolçu təmsilçimizi şərt qarşısında qoydu və bu səbəbdən də Ağdam təmsilçisi onunla yeni müqavilə imzalamadı. Luka isə ehtiyatda oturmaqdan bezərək Yunanıstan klubu “Panserraikos”a keçdi. Əslində gürcüstanlının ayrılığı tam yerinə düşdü. Şəxsən bu qapıçını ağdamlılara yaraşdırmırdım.

“Qarabağ” heyətdəki boşluğu doldurmaq üçün Fabiyan Buntiçi transfer etdi. 27 yaşlı xorvatiyalı haqda fikirlər müsbətdir. Ümid edək ki, Azərbaycan təmsilçisinə xeyir verə biləcək. Buntiçə rəğmən, “Qarabağ”da qapıçı problemi var. Amin Ramazanov Avstriyadakı toplanışda ciddi zədələnib. 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü 8 aylıq zədələnib. İndi “Qarabağ”ın bu mövqedə 2 üzvü var: Fabiyan Buntiç və Sadiq Məmmədzadə. İkinci “Səbail”in üzvü idi. Bu mövsüm Ağdam təmsilçisinə keçib. Həm də 19 yaşadək futbolçulardan ibarət millimizin üzvüdür. Amma avrokubok və ümumiyyətlə, əsas heyət təcrübəsi yoxdur. “Qarabağ” bu iki qapıçıya güvənərək Çempionlar Liqasında mübarizəyə başlamamalıdır. Düzdür, II təsnifat mərhələsindəki rəqibləri keçmək olar. Bəs, sonra?

Təbii ki, indiki məqamda komandanın əsas qapıçısı Fabiyan Buntiç olacaq. “Şər deməsən, xeyir gəlməz”, - deyə atalar misalımız var. Xorvatiyalı zədələnsə, onu Sadiq əvəzləyə biləcək? Mən mənfi fikir səsləndirmək istəmirəm. Məmmədzadə potensiallı gəncimizdir. Amma heç Premyer Liqada oyun keçirməyən futbolçunu birbaşa ÇL-də və ya avrokuboklarda sınamaq böyük risk olardı.

Bəs, “Qarabağ” nə etməlidir? Bildiyim qədəri ilə ağdamlılar qolkiper axtarışındadır. Lakin hələ də Qurban Qurbanovun oyun sisteminə, istəyinə uyğun biri tapılmır. Maraqlıdır, “köhlən atlar” niyə yaxınındakını qoyub, uzağa üz tutur? Nə üçün millimizin üzvü, uzun illər “Qarabağ”ın şərəfini qorumuş Şahruddin Məhəmmədəliyevi geri qaytarmır. “Şah” bu dəqiqə üçün ağdamlılara kömək ola bilər. Həm komandada demək olar ki, hamını tanıyır, həm Qurban Qurbanovun sevdiyi oyunçulardandır, həm də hazırda ölkənin ən yaxşı qapıçısıdır. Ümumiyyətlə, bu dəqiqə “Qarabağ”da oynamağa namizəd Şahruddindən başqa hansı yerli qapıçını göstərmək olar? Heç kim məndən inciməsin. Belə biri yoxdur. Adını çəkəcəyiniz və çəkmək ehtimalı olan şəxslər hazırda Buntiçdən əsas heyətdə oynamaq mübarizəsi apara bilməz. Lakin “Şah” bunu bacarar.

Həm məsələni, həm də yazını uzatmağa gərək yoxdur. İndiki məqamda “Qarabağ” üçün ən yaxşı variant Şahruddin Məhəmmədəliyevdir. Ağdam təmsilçisinin heyətində iki güclü qapıçının olması özünə xeyirdir. Rəqabət olan yerdə inkişaf olar, nəticə də. Elə isə düşünməyə gərək yoxdur! Evinə geri dön, “Şah”!