Şahmat üzrə dünya tacına sabiq iddiaçı Sergey Karyakin "Moskva 24" kanalına müsahibəsində şahmatın kibersportla rəqabətindən və bu idman növünün gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, qrossmeyster uşaqların diqqətini cəlb etmək üçün kibersportla rəqabət apardıqlarını bildirib:
"Uşaqlar qadcetlərdə çox vaxt keçirirlər. Onların telefonda döyüş oyunları əvəzinə şahmat oynaması çox vacibdir. Pandemiya dövründə onlayn turnirlər şahmatı xilas etdi. Şəxsən mən onlayn şahmatın azarkeşi deyiləm, amma zamanla ayaqlaşmaq üçün bu formatı inkişaf etdirməliyik".
Karyakin kompüterləşmə və süni intellekt ucbatından şahmatın romantizmini itirdiyini vurğulayıb:
"Kompüterlə istənilən variantı analiz edib ən güclü gedişləri tapmaq çox asanlaşıb. Buna görə də yaddaşa düşən yük kəskin artıb – böyük həcmdə variantları əzbərləmək və daim təkrarlamaq lazımdır. Nəticədə yaradıcılıq elementi itir".
Təcrübəli şahmatçı çıxış yolunu Fişer şahmatında (Chess 960) görür:
"İndi fiqurların ilkin düzülüşünün fərqli olduğu Fişer şahmatı üzrə turnirlərin sayı sürətlə artır. Orada elə ilk gedişdən yaratmaq, tamamilə yeni və kəşf olunmamış mövqedə düşünmək lazımdır. Hesab edirəm ki, uzunmüddətli perspektivdə gələcək bu şahmatındır".


