UFC-nin yarımorta çəki dərəcəsində müvəqqəti fasilədə olan çempionu İslam Maxaçev, son günlər qalmaqalla gündəmə gələn komanda yoldaşları Umar və Usman Nurmaqomedovu müdafiə edib.
Offsideplus.az xəbər verir ki, bu ay Əbu-Dabidə keçirilən RAF güləş turnirindən əvvəl Merab Dvalişvili və Saba Lazışviliyə qarşı baş verən insidentdə Nurmaqomedov qardaşları da iştirak edib. Hadisə zamanı Dağıstanlı döyüşçülər Dvalişvili və onun dostuna hücum ediblər. Kadrarxası görüntülərdə isə Umar Nurmaqomedovun Dvalişviliyə əl uzadaraq barışıq jesti etdiyi, lakin daha sonra ona qarşı hücumunu davam etdirdiyi bildirilir.
Hadisədə iştirak edən altı nəfər Birləşmiş Ərəb Əmirliklərinin məhkəməsi tərəfindən altı ay müddətinə həbs cəzası alıb. Lakin Dvalişvilinin xahişi ilə onların cəzası yüngülləşdirilib və azadlığa buraxılıblar.
İslam Maxaçev məsələ ilə bağlı açıqlamasında komanda yoldaşlarını müdafiə edib: "Dağıstanda hər gün döyüşlər olur. Bir çox insan hadisənin necə başladığını bilmir. Gürcüstanda Merab özünü pis aparıb, bir döyüşçünün anasını təhqir edib. Bildiyimə görə, həmin şəxs anasını itirib. Mənim üçün bu, toxunulmazdır. Məncə, bizim uşaqlar heç bir səhv etməyib. Sözünün arxasında durmalısan. Sərhədi keçirsənsə, nəticəsinə hazır olmalısan".
Maxaçev əlavə edib: "Şərəfin təhqir olunanda fərq etmir, birə-bir, ya da ikiə-bir olur".
Qeyd edək ki, insident zamanı çəkiliş aparan şəxslər də cərimələnib və ilkin olaraq həbs edilib. Hadisədə iştirak edən bütün şəxslər sonradan BƏƏ-dən deportasiya olunub.


