"Seltik" çempionluq taleyini həll edən mövsümün son oyununda öz meydanında "Harts"ı (Heart of Midlothian) son dəqiqələrdə vurduğu iki qolla 3:1 hesabı ilə məğlub edərək rekord sayda – 56-cı dəfə Şotlandiya çempionu olub.

Offsideplus.az xəbər verir ki, Daizen Maeda və Kallum Osmandın vurduğu qollar qonaqların çempionluq xəyalını darmadağın etdi.

Bu, "Seltik"in son 15 mövsümdə qazandığı 14-cü çempionluq olsa da, heç biri bu qədər çətin başa gəlməmişdi.

Belə ki, komanda oktyabrın əvvəlindən bəri turnir cədvəlində "Harts"dan geri qalırdı. Lakin yanvar ayında Martin O'Nilin müvəqqəti baş məşqçi kimi klubun sükanı arxasına keçməsindən sonra "Seltik" yenidən canlandı və çempionatı ardıcıl 7 qələbə ilə tamamladı.

Qeyd edək ki, 1985-ci ildən bəri Şotlandiya "Seltik" və "Reyncers" xaricində heç bir komanda çempion olmayıb.