Zakariya Savo Kiprin "AEL Limassol" klubunda uğurlu çıxış edir və komandası onun transfer hüquqlarına tam sahib olmaq istəyir.
Offsideplus.az İsveçin tanınmış "Sportbladet" nəşrinə istinadən xəbər verir ki, hücumçu karyerasını Azərbaycanda – "Qarabağ"da davam etdirə bilər.
"Yurqorden" 25 yaşlı Zakariya Savonu ötən ilin mart ayının sonunda digər Kipr təmsilçisi "Aris Limassol"dan transfer etmişdi. Hücumçu Stokholm klubu ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalamışdı. Debüt mövsümündə İsveç çempionatında çıxdığı 18 oyunda (cəmi 5-i start heyətində) 1 qolla yaddaqalan hücumçu, yeni il ərəfəsində "Yurqorden" tərəfindən "AEL Limassol"a icarəyə verilmişdi.
26 yaşlı forvard Kipr klubunda nümayiş etdirdiyi oyunla hər kəsi heyran qoyub. Bu səbəbdən "AEL Limassol" onun keçidini daimi etmək niyyətində idi. Lakin indi Savonun imzası üçün ciddi rəqib peydah olub.
Mənbənin bildirdiyinə görə, "Qarabağ" futbolçu üçün ilk rəsmi təklifini göndərib və hazırda "Yurqorden"lə transferin son detallarını müzakirə edir. Əgər hər hansı bir sürpriz baş verməsə, Ağdam təmsilçisi yaxın vaxtlarda Savonu rəsmən rənglərinə bağlayacaq.
Qeyd edək ki, Zakariya Savo bu mövsüm "AEL Limassol"un heyətində çempionatda çıxdığı 18 oyunda 8 qol vurmağı bacarıb.


