Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.
Offsideplus.az xəbər verir ki, yarışın beşinci günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində finalçılar bəlli olub. Komandamız turnirdə 3 final və 2 bürünc medal şansı qazanıb.
Rəqiblərinə şans tanımayan Hüseyn Rzazadə (48 kq) müvafiq olaraq Laşa Koridzeni (Gürcüstan) 9:0, Yiğit Egemeni (Türkiyə) 10:0 və Asilder Asluyevi (Rusiya) 10:0 hesabı ilə darmadağın edərək finala yüksəlib. O, qızıl medal üçün ukraynalı Volodimir Boyko ilə qarşılaşacaq.
Bidzina Jintçaradze (Gürcüstan, 2:2), Aydıncan Gümüşdağ (Türkiyə, 7:3) və Teymur Abumislimovu (Ukrayna, 3:1) keçən Rəşid Nazarov (65 kq) isə yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) məğlub edib. Nazarov finalda rusiyalı Maksim Monquşla həlledici görüşə çıxacaq.
Rati Revazaşvili (Gürcüstan, 7:2), Zeteni Tuği (Macarıstan, 7:0) və Rəcəb Rəcəbovu (Rusiya, 2:0) sıradan çıxaran Nihad Süleymanlı da (80 kq) adını finala yazdırıb. Onun qızıl şansındakı rəqibi türkiyəli Emirhan Çayır olacaq.
Abbas Şəfiyev (55 kq): Turnirdə Muhammed Yiğit (Türkiyə, 8:5) və Patrik Vetrakı (Slovakiya, 6:0) üstələsə də, yarımfinalda Suren İşxanyana (Ermənistan) 4:15 hesabı ilə uduzub. Abbas bürünc medal üçün İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) cütünün qalibini gözləyir.
Hakim Tağıyev (110 kq): Maqomed Omarov (Rusiya, 2:1) və Adam Koşanı (Slovakiya, 4:1) məğlub edən təmsilçimiz, yarımfinalda Murtaz Baqdavadzeyə (Gürcüstan) 0:3 hesabı ilə yenilib. O, üçüncü yer uğrunda Marku Vintan (Rumıniya) / Daniil Jivula (Belarus) cütünün güclüsü ilə qarşılaşacaq.


