Argentina millisinin təcrübəli oyun qurucusu Luka Vildoza karyerasını Serbiyanın "Partizan" klubunda davam etdirməyə yaxındır. O, ötən yay İtaliyanın "Virtus Bolonya" klubu ilə üçillik müqavilə imzalamışdı, lakin razılaşmada xüsusi çıxış bəndləri mövcuddur.

Offsideplus.az xəbər verir ki, "Virtus Bolonya"da baş məşqçi postuna Aleks Mumbru təyin edildikdən sonra Vildozanın planları dəyişib və o, "Partizan"dan cəlbedici təklif alıb. Bu transfer xüsusilə diqqət çəkir, çünki Vildoza əvvəllər "Crvena Zvezda"da çıxış edib və beləliklə, Serbiyanın iki əzəli rəqibində oynayan nadir oyunçulardan olacaq. Bundan əlavə, o, Yunanıstan basketbolunun iki ən böyük rəqibi olan "Panatinaikos" və "Olimpiakos"un da formasını geyinib və "Panatinaikos"la EuroLeague çempionluğu yaşayıb. İspaniyalı jurnalist Çema de Lukas qeyd edib ki, Vildoza bu transferlə EuroLeague tarixində hər iki böyük rəqabətin dörd klubunda çıxış edən ilk basketbolçu olacaq.