İngiltərə Kubokunun (FA Cup) finalında "Çelsi"ni 1:0 hesabı ilə məğlub edərək titula sahib çıxan "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola matçdan sonra turnir cədvəlindəki vəziyyəti dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bu qələbənin Premyer Liqadakı çempionluq yarışına da təsir edəcəyinə ümid edir. Martda "Arsenal"ı məğlub edərək Liqa Kubokunu qazanan "şəhərlilər", bu zəfərlə mövsümü dublla tamamlayıblar. İndi isə bütün diqqət liqadakı son iki oyuna yönəlib. Hazırda lider "Arsenal"dan 2 xal geri qalan Mançester təmsilçisi rəqibin xal itkisini gözləyir.
"Siti" qalan matçlarda "Bornmut" və "Aston Villa"nı məğlub etməli, "Arsenal"ın isə büdrəməsini ümid etməlidir.
Bu səbəbdən Qvardiola kubok qələbəsindən sonra paltardəyişmə otağında bayram etməyi qadağan etdiyini bildirib:
"Dərhal evə yollandıq. Hətta bir şüşə pivəyə də icazə vermədim. Gələn bazar ertəsi, "Aston Villa" ilə oyundan sonra Mançesterdə qadın komandamızla birlikdə çempionluq paradı keçirib qeyd edəcəyik. Amma indi buna vaxtımız yoxdur.
"Bornmut"la oyuna cəmi üç günümüz var. "Çelsi"nin finala hazırlaşmaq üçün yeddi günü var idi, bizim isə cəmi üç günümüz olmuşdu. Üstəlik, Mançesterdən Londona gəlmək bizim üçün kabus idi. Qatarlardakı problem ucbatından düz altı saat yolda olduq".


