"Oklahoma Siti Thunder"in ulduz forvardı Ceylen Uilyams evdə "Los Anceles Klippers"ə qarşı keçirilən və 108:101 hesabı ilə başa çatan oyunun son dəqiqələrində sol ayağının aşağı hissəsindən ağır zədə alıb.

Offsideplus.az xəbər verir ki, hadisə dördüncü hissənin sonlarında baş verib. Uilyams səbətə doğru irəliləyərkən onu "Klippers"in forvardı Derrik Cons qarşılayıb, arxadan isə müdafiəçi Kris Dann top uğrunda mübarizəyə qoşulub. Bu zaman Uilyams uğursuz şəkildə yerə düşüb və sol ayağı qeyri-təbii formada burulub. Tibbi personal dərhal meydançaya çıxaraq ona yardım göstərib. Həm komanda yoldaşları, həm də "Klippers"in oyunçuları hadisədən şoka düşüblər. Komanda yoldaşı Şey Gildcus-Aleksandr emosiyalarını gizlətmək üçün üzünü formasına tutub. Epizodda iştirakına görə Dann birinci dərəcəli idmansız faul alıb. "Thunder" hələlik Uilyamsın zədəsinin dəqiq xarakteri barədə məlumat verməyib. Baş məşqçi Mark Deygnolt bildirib ki, oyunçunun vəziyyəti ilə bağlı yenilənmiş məlumat sabah səhər açıqlanacaq. "Əhvalımız çox pisdir", – deyə Deygnolt etiraf edib.