Argentina futbolunun əfsanəvi adlarından biri olan Anhel Di Mariya "Real Madrid"dən ayrılıq prosesi ilə bağlı illər sonra səs-küy yaradacaq etiraflar edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli ulduz Madrid klubunda qalmaq üçün hər şeyi etdiyini, lakin transfer siyasətinin qurbanı olduğunu bildirib.
Di Mariya o dövrdə mətbuatda onun haqqında qəsdən yalan xəbərlər çıxarıldığını və azarkeşlərin önünə atıldığını iddia edib.
İspaniya təmsilçisində çox xoşbəxt olduğunu vurğulayan argentinalı futbolçu ayrılığın onun istəyi ilə baş vermədiyini qeyd edib:
"Real Madrid"də qalmaq üçün əlimdən gələn hər şeyi etdim, lakin Xames Rodrigesin komandaya gəlməsi ilə gözdən çıxarıldım. Ayrılmağı heç bir zaman istəmədim. Komandada çox xoşbəxt idim. Çempionlar Liqasını qazanmışdım və Karlo Ançelotti də qalmağımı istəyirdi."
O dönəm mətbuatda yer alan "Di Mariya komandanın ən çox qazananı olmaq istəyir" iddialarına kəskin reaksiya verən ulduz futbolçu rəhbərliyin manipulyasiya etdiyini bildirib:
"Mənim Kriştianu Ronaldo ilə eyni maaşı tələb etdiyim yönündə xəbərlər yaydılar, lakin bu, bir yalan idi. Necə bir neçə dəfə "Qızıl top" qazanmış biri ilə eyni məvacibi tələb edə bilərdim ki?"
Qeyd edək ki, Anhel Di Mariya 2014-cü ildə "Real Madrid" ilə Çempionlar Liqasını qazandıqdan və finalın ən yaxşı oyunçusu seçildikdən sonra, Kolumbiya ulduzu Xames Rodrigesin transferi ilə "Mançester Yunayted" klubuna satılmışdı.


