Misli Premyer Liqasında XXXII turun oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, "Zirə" bu turda "Sumqayıt"ı məğlub edib.

Görüşdən sonra "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib:

"Bu gün oyuna köklənmək çox çətin idi. 3 gün əvvəl axır bir məğlubiyyətə uğramışdıq. Buna baxmayaraq uşaqlar əllərindən gələni etdilər. Hakimin ilk fitindən son fitinə qədər futbolçularım mübarizə apardılar. 

"Neftçi"ni ürəkdən təbrik edirəm. Həm onlar, həm də biz avrokuboklara getməyə layiq idik". 

O, bu matçda iştirak etməyən İssa Cibrillanın yenidən zədələndiyini bildirib: 

"Cibrilla cari mövsüm 6-cı dəfə zədələnib. Ümumiyyətlə mövsümün əvvəlində Salifu Suma ilə Rafael Utziqi itirdik. Daha sonra sentyabrda Qubada "İmişli" ilə palçıqlı meydanda oynayarkən Davit Volkovla Cibrilla sıradan çıxdı. Bu, cari mövsüm bizə hücumda çox böyük problemlər yaratdı. Mövsümün böyük hissəsində bu futbolçulardan yararlana bilmədik. Buna baxmayaraq oyunçularım sona qədər mübarizə aparıb, əllərindən gələni etdi.

Son üç mövsümdə iki dəfə ikinci olmuşuq. Üç dəfə kubokun finalına yüksəlmişik. Konfrans Liqasında "Hayduk" kimi adlı-sanlı komanda ilə sona qədər oynamışq və əlavə vaxtda məğlub olmuşuq. Artıq burada altıncı ilimdir. Bundan sonra da mübarizəyə davam edəcəyik".

Gənc mütəxəssis İnqilab Məmmədovun bu oyuna təyinat almağına da münasibət bildirib:

"Təyinatı başa düşmədim. Kim cəzalanırsa, "Zirə"nin oyununda cəzalanır. Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olmağı maraqlı idi.

Mənə çox maraqlıdır, İnqilab niyə cəzalanmışdı? 

O, oyundakı (red. "Neftçi" ilə oyunu nəzərdə tutur) əsas problem ofsayd ilə bağlı idi. Baş hakim ofsayda qarışa bilməz. Bu günə qədər cəzanı başa düşə bilməmişəm".