Misli Premyer Liqasının IX turunda "Qarabağ" səfərdə "Sabah"la qolsuz heç-heçə edib (0:0).

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandıraraq qarşılaşmanı şərh edib:

"Maraqlı oyun alındı, temp yüksək səviyyədə idi. Qarşımızda özünə inamlı, Çempionlar Liqasından sonra daha sərbəst çıxış edən yaxşı kollektiv var idi. İdman formamızı daha da yaxşılaşdırmalıyıq. Stadion təmir olunub, ab-hava əla idi. Atmosferi gözəlləşdirən azarkeşlərimizə təşəkkür edirəm".

Təcrübəli mütəxəssis "Sabah"la oyunlardakı qalibiyyətsizlik seriyasına toxunaraq bunun normal olduğunu bildirib: "Belə hallar olur, dünya futbolunda da analoji situasiyalara rast gəlinir".

Komandadakı zədəli futbolçunun durumuna aydınlıq gətirən baş məşqçi Martin Zlomisliçin qarşıdakı həftədən etibarən məşqlərə başlayacağını diqqətə çatdırıb.

Qurbanov heyətdə əvəzetmə etməməsini meydandakı tempi qorumaq istəyi ilə izah edib. İlk yarıdakı sönük oyuna da toxunan mütəxəssis, hissələrin adətən fərqli keçdiyini və futbolçuların "Sabah"ı tam tanımadıqlarını, növbəti matçlarda daha sərbəst çıxış edəcəklərini vurğulayıb.