Misli Premyer Liqasının IX turunda "Sabah" doğma meydanda "Qarabağ"la qolsuz heç-heçə edib (0:0).
Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandıraraq oyun haqqında fikirlərini bölüşüb:
"Hər iki komanda keyfiyyətli idi və meydanda əlindən gələni etdi. Mübariz qarşılaşma izlədik. Uzun müddət hücumda idik, hətta ilk hissədə rəqibi daha çox öz qapısına sıxışdırmışdıq. Qol vurulmasa da, azarkeşlər əla atmosfer yaratmışdılar; bunun Avropa futbolundan heç bir fərqi yox idi. Yekun heç-heçəni ədalətli nəticə hesab etmək olar".
Litvalı mütəxəssis yeni stadion şəraitinə də toxunaraq buradakı ot örtüyünün ölkədəki ən yaxşılardan biri olduğunu və Masazırla müqayisədə vaxta böyük qənaət etdiklərini bildirib.
Rəhman Daşdəmirovun ehtiyatda qalmasını rotasiya ilə izah edən baş məşqçi, önlərində 50-dən çox oyunun olduğunu və bəzi futbolçuları gümrah saxlamaq məqsədilə bu adımı atdıqlarını vurğulayıb. Dambrauskas heyətdəki oyunçulara top-klublardan transfer təklifi gələcəyi təqdirdə bundan yalnız fəxr duyacağını da əlavə edib.
Rəqiblərin fərqli taktiki sistemlərindən söz açan litvalı çalışdırıcı sıx qrafikdə tapşırıqları dəqiqliklə yerinə yetirən futbolçularına təşəkkür edib. O, çempionluq yarışının bu mövsüm daha ağır keçəcəyini diqqətə çatdırıb:
"Hələ 9 tur geridə qalıb, danışmaq erkəndir. Məni yalnız qələbə məmnun edə bilər, amma bu gün də məyus olmadım. Çempionlar Liqasında oynamaq istəyirik və bu il liderlik mübarizəsi daha ağır olacaq. "Qarabağ"la matçlardan çox şey öyrənirik, amma Gəncədə "Kəpəz"ə qarşı oynamaq da asan deyil".


