Misli Premyer Liqasında ölkəmizi avrokuboklarda təmsil edəcək sonuncu klubun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, səfərdə önəmli qələbə qazanan "Neftçi" qitə miqyaslı turnirlərdə oynamaq hüququ əldə edib.
"Ağ-qaralar" çempionatın XXXII turu çərçivəsində keçirilən gərgin oyunda "Sabah" komandasını 2:1 hesabı ilə məğlub etməyi bacarıb.
"Bank Respublika Arena"da baş tutan qarşılaşmada erkən qol vurulsa da, qonaqlar geri dönüş etməyi bacarıblar.
Matçın hələ 3-cü dəqiqəsində Aleksey İsayev meydan sahiblərini önə keçirib.
Paytaxt təmsilçisi bu qola 9-cu dəqiqədə Andrey Ştoqrin və 70-ci dəqiqədə İfeanyi Metyunun dəqiq vuruşları ilə cavab verərək hesabı öz xeyrinə dəyişib.
Oyunun son dəqiqələrində "Sabah" meydanda azlıqda qalıb. 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan Coy-Lens Mikels komandasını 10 nəfərlə qoyub.
Mövsümün başa çatmasına cəmi bir tur qalmış bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Neftçi", UEFA Konfrans Liqasında iştirak etmək şansını rəsmiləşdirib.
Qeyd edək ki, qızıl medalları daha əvvəl təmin edərək cari mövsümün çempionu olan "Sabah" isə hazırda 75 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.


