Kiyev "Dinamo"su UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında Rusiya bayrağı qaldıran PAOK azarkeşlərinə görə quruma rəsmi müraciət ünvanlayıb.

Offsideplus.az xəbər verir ki, Polşanın Lyublin şəhərində keçirilən və yunanların 3:2 hesablı qələbəsi ilə başa çatan görüşün sonlarında PAOK azarkeşləri tribunada Rusiya bayrağı nümayiş etdiriblər.

Kiyev təmsilçisi bunu açıq təxribat adlandıraraq intizam orqanlarını məsələni araşdırmağa çağırıb.

Bəyanatda qeyd olunub ki, hətta PAOK futbolçuları da hərəkətin yolverilməzliyini anlayaraq fanatlarından simvolikanı yığışdırmağı tələb ediblər.

"Dinamo" rəhbərliyi cavab oyunu öncəsi UEFA-nı irqçilik və ksenafobiyaya qarşı göstərdiyi prinsipiallığı bu təxribata qarşı da nümayiş etdirməyə və insidentə hüquqi qiymət verməyə səsləyib.