Avropada taleküklü həftə! Azərbaycanlı futbolsevərlərin gözü bu günlərdə bir deyil, iki deyil – düz dörd fərqli arenada olacaq. Çünki həm “Sabah”, həm “Qarabağ”, həm də “Neftçi” və “Zirə” 3-cü mərhələyə vəsiqə uğrunda ölüm-dirim mübarizəsinə aparır.

“Sabah” tarix yazmağa yaxındır

İlk matçda qələbə sevinci yaşayan yeganə təmsilçimiz “Sabah” oldu. “Bayquşlar” “KuPS”u minimal hesabla (1:0) üstələsə də, tablodakı rəqəmlər 4:0 və ya 5:0 da ola bilərdi. Cavab qarşılaşması uzaq Finlandiyada, üstəlik süni örtüklü meydançada keçiriləcək. Bu amillər Valdas Dambrauskasın kollektivi üçün əlavə çətinlik yarada bilər. Lakin hər halda, təmsilçimizə inamımız tamdır. “Sabah” “KuPS” səddini aşacağı təqdirdə tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni rəsmiləşdirəcək və “Neftçi”, “Qarabağ” ilə “Qəbələ”dən sonra bu uğura imza atan 4-cü klubumuz kimi futbol tariximizə düşəcək.

“Qarabağ”ın təcrübəsi sözünü deməlidir

“Qarabağ”a gəlincə, Ağdam təmsilçisinin işi elə də asan görünmür. Bakıda ÇSKA-nın (Sofiya) müqavimətini qıra bilmədilər; sıx müdafiəsi ilə seçilən bolqarlar paytaxtımızdan qol buraxmadan qayıtdı. Amma Qurban Qurbanovun komandasının səfərdə dönüş edib mərhələ keçdiyi oyunlar az olmayıb. Elə ötən mövsümlərdə Bolqarıstanın digər təmsilçisi “Ludoqorets”ə Bakıda uduzub, səfərdə 7:2 hesablı darmadağınla mərhələ atlamaları buna bariz nümunədir. Ona görə də cütün şəksiz favoriti hələ də “Qarabağ”dır.

“Neftçi” üçün çətin sınaq

“Neftçi”nin durumu isə sual altındadır. Bakılılar o qədər qeyri-sabit oyun sərgiləyirlər ki, hər hansı dəqiq proqnoz vermək çətindir. "Dinamo" (Minsk) “ağ-qaralar”ın qapısından 4 qol keçirsə də, rəqibin çox güclü olduğunu demək olmaz. Bakıdakı matçda minsklilər qazanmadı, daha çox “Neftçi” öz xətalarından uduzdu. Əgər Yuri Vernidubun komandası səfərdə ilk matçın ilk 15 dəqiqəsindəki futbolu bütün oyuna yaya bilsə, mərhələni keçmək mümkündür. Lakin etiraf etmək lazımdır ki, şanslar o qədər də yüksək deyil.

“Zirə” üstünlüyü hesaba köçürməlidir

“Zirə” ilk matçda gözlənilmədən yenilsə də, cütün favorti olaraq qalır. Rəşad Sadıqovun kollektivi oyun baxımından “Payde”dən qat-qat üstün təsir bağışladı və buraxılan qol tam tərsinə - son dəqiqələrdəki diqqətsizlikdən gəldi. Cavab qarşılaşmasında adi şanssızlıqlar yaşanmasa, “Zirə”nin mərhələni adlayan tərəf olacağı şübhə doğurmur.