“Doğrudan da yaxşı və iddialı rəqibə qarşı oynadıq. "Dinamo" Avropanın ən yaxşı akademiyalarından birinə sahibdi. Buna baxmayaraq, düşünürəm ki, keçən illə müqayisədə bu mövsüm komandamız daha yaxşı mübarizə aparır və təcrübəli görünür. Mübarizə aparırıq, qol vururuq, sadəcə bəzi boşluqlar verdik. Açıq danışsaq, matçın sonlarında hakimin ədalətsiz qərarına görə qol buraxdıq. Əvvəlcə qapıdan zərbə təyin edildi, sonra qərar dəyişdirilərək künc zərbəsi verildi və həmin künc zərbəsindən sonra qapımızda qol gördük. Yanlış qərar olsa da, uşaqların doğrudan da yaxşı futbol oynadıqlarını deyə bilərəm”.

Bu sözləri UEFA Gənclər Liqasında “Dinamo” (Zaqreb) U-19-la oyundan “Qarabağ” U-19-un baş məşqçisi Rəşad Sadiqov Offsideplus.az-a müsahibəsində deyib:

– Son oyunda "Barselona" ilə heç-heçə edən komandaya qarşı oynadınız və sona qədər müqavimət göstərdiniz. Bu amil növbəti matçlar üçün sizə əlavə motivasiya verəcəkmi?

– Bəli, keçən il qrup mərhələsində oynayarkən rəqiblərlə müqayisədə futbolçularımız yaşca daha kiçik idi. Rəqiblər 2006-2007-ci il təvəllüdlülərlə mübarizə apardığı halda, biz 2008, 2009 və 2010-cu il təvəllüdlü heyəti qarışdıraraq oynadırdıq. Bu təcrübə uşaqların bişməsinə çox kömək etdi. Nəticədə komandamız hal-hazırda Çempionlar Liqasında bu səviyyəli rəqibə qarşı cəsarətli futbol göstərir, çəkinmədən hücumlar təşkil edir. Qol imkanlarımız da oldu. Bu da göstərir ki, futbolçularda inkişaf var və istənilən rəqibə qarşı oynamaq gücünə sahibik. Nəticədən asılı olmayaraq, komandanın potesialı buna çatır.  

– Komandanın ilk hissədə ikinci yarıya nisbətən daha yaxşı oynadığını deyə bilərik. Bunun əsas səbəblərindən biri fiziki yorğunluq idi?

– Bir neçə səbəbi var. Başlıcası fiziki durumdur. 2-3 gün əvvəl ölkə çempionatında əsas rəqiblərimizdən olan "Sabah"la ağır oyun keçirmişdik. Həmin matçdan cəmi üç gün sonra eyni heyətlə belə bir qarşılaşmaya çıxmaq yorucudur. Uşaqlarda yorğunluq hiss olunurdu: zədələnmələr, əzələ qıcolmaları başladı. Viktor Çidiokenin və kapitanımız Əli Qazıbəyovun əvəzlənməsi də bununla bağlı idi. Digər tərəfdən, futbolçuların dərs və universitet öhdəlikləri var. Günün 6 saatını dərsdə keçirib ac-susuz, yorğun halda birbaşa məşqə gəlirlər. Heyətdə həm səhər, həm axşam oxuyanlar, eləcə də əvəzedici heyətlə məşq edənlər var. Bütün bu çətinliklərə baxmayaraq, uşaqları bir araya toplayıb bu səviyyədə mübarizə aparmaq böyük nailiyyətdir. İlk hissədə fiziki gücümüz çatdığı üçün hücumda daha effekti idik, ikinci hissədə isə yorğunluq öz sözünü dedi.  

– Yorğunluğa səbəb olan amillərdən biri kimi ölkə çempionatındakı tempin avrokubok sürəti ilə eyni olmamasını göstərmək olarmı?

– Əlbəttə, fərq böyükdür. Daxili çempionatda biz iki mövsümdür ki, dominant futbol oynayırıq və hər bir rəqibə qarşı hücum edirik. Lakin burada tam fərqli mühit var. Qarşılıqlı hücumlar olur, rəqib də hər zonada təzyiq tətbiq edir. "Barselona" ilə heç-heçə etmiş, Zaqrebdə keçirilən turnirdə "Real Madrid" və "Mançester Siti" kimi nəhəngləri üstələyərək çempion olmuş komandaya qarşı bu cür futbol sərgiləmək bizim üçün böyük təcrübədir.  

– Bilal Hacıyev iki qol buraxsa da, dəfələrlə komandanı çətin vəziyyətdən xilas etdi, hətta penaltini də dəf etdi. Onun çıxışını necə dəyərləndirirsiniz?

– Qapıçı kimi yaxşı təsir bağışladı. Heyətdəki futbolçuların çoxundan yaşca kiçikdir - 2010-cu il doğumludur.. Bu gün meydanda 2010-cu il təvəllüdlü üç futbolçumuz var idi: Bilal, Əli (Bəşirov) və Uğur. Hər biri yaxşı performans göstərdi, Bilal da daxil olmaqla.  

Cavab oyununda gözləntiləriniz nədir?

– İki gündən sonra çempionat oyunumuz var və həmin matçın təxirə salınması üçün müraciət edəcəyik. Çünki 2 gün sonra oynayıb, sabahsı günü səfərə çıxmaq uşaqları həddindən artıq yoracaq. Zədələnmə riskini artıracaq. Uşaqların çoxu U-17, U-19 və U-20 millilərinin aparıcı üzvləridir. Çempionat oyununun təxirə salınmasını xahiş edəcəyik ki, cavab matçına daha yaxşı hazırlaşa bilək.