Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dunya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Məhəmməd Bəna Offsideplus.az-a özəl müsahibə verib.
Təcrübəli mütəxəssis ilk növbədə yarışın yekunlarını dəyərləndirərək komandanın potensialından söz açıb:
"Bu nəticələr münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. 2-si qızıl, 1-i gümüş olmaqla 3 medal qazandıq, lakin gözləntilərimiz 5-6 medal idi. Məğlub olan idmançılarımız bir sıra hallarda son saniyələrdə uduzdular, bu isə mənim səhvimdir. Komanda ilə 8-9 aydır işləyirik və hələ tam hazır vəziyyətə gəlməmişik. Olimpiadada fərqli çıxış edəcəyik, hələ vaxtımız var".
Güləşçilərin fiziki və psixoloji durumuna toxunan baş məşqçi əsas hədəfinin qələbə psixologiyasını formalaşdırmaq olduğunu bildirib:
"İdmançıları tam tanımağım üçün zaman lazımdır. Birinci il üçün qarşıma qoyduğum əsas məqsəd güləşçiləri psixoloji cəhətdən təkmilləşdirməkdir. Texniki cəhətdən ciddi səhvlərimiz yoxdur, lakin bizə medallar lazımdır ki, qələbə psixologiyası formalaşsın. Sizə və Azərbaycan xalqına söz verirəm ki, Olimpiadada mütləq qızıl medal qazanacağıq".
Məhəmməd Bəna komandanın liderlərindən olan Həsrət Cəfərovun medalsız qalmasına və iranlı Səid İsmaeli ilə rəqabətinə də münasibət bildirib:
"Düşünürəm ki, Həsrətin Olimpiya qızılı qazanması üçün bu yarışda uduzması lazımdır. O, Olimpiadada qızıl mükafat üçün əsas namizədlərdən biridir. Həsrət texniki cəhətdən çox güclü, unikal idmançıdır. Səid İsmaeli də öz çəkisinin ən yaxşılarındandır. Məğlubiyyətə baxmayaraq, deyə bilərəm ki, hazırda dünyada 67 kq çəki dərəcəsində ən yaxşı iki güləşçi məhz Həsrət və Səiddir. Olimpiadaya qədər Həsrətin tam hazır olacağına əminəm".


