“Fənərbağça” baş məşqçi İsmayıl Kartalla yollarını ayırdığını rəsmən açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqasının 9-cu turunda səfərdə “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olan İstanbul təmsilçisində İsmayıl Kartalın gələcəyi müzakirələrə səbəb olmuşdu.

Nəticələrdən sonra tənqid hədəfinə çevrilən baş məşqçinin gələcəyi ilə bağlı klub prezidenti Əziz Yıldırım və İdarə Heyətinin üzvləri toplantı keçiriblər.

Görüş başa çatdıqdan sonra qərar açıqlanıb. “Fənərbağça” İsmayıl Kartalla yollarını ayırdığını rəsmən bəyan edib.

Klubun yaydığı açıqlamada bildirilib:

“Peşəkar futbol komandamızın baş məşqçisi vəzifəsini icra edən cənab İsmayıl Kartal ayrılmaq qərarını rəhbərliyimizə çatdırıb. Tərəflərin qarşılıqlı razılığı ilə yollarımız ayrılıb”.

Qeyd edək ki, İsmayıl Kartal bu mövsüm “Fənərbağça”nın baş məşqçisi kimi bütün turnirlərdə 18 rəsmi matça çıxıb. Komanda onun rəhbərliyi altında 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. İstanbul təmsilçisi bu görüşlərdə 34 qol vurub, qapısında isə 20 qol görüb.