“Güclü komandaya qarşı oynayırdıq. Çox təcrübəli komanda idi. Yəni hamı bilir ki, Xorvatiya futbol məktəbi Azərbaycandan çox irəlidədir. Buna baxmayaraq, komanda olaraq bir-birimizə güvəndik. İlk hissədə 1:0 irəlidə idik. İkinci hissədə isə bəzi yorğunluqlar oldu. Onlar belə templi oynamağa öyrəşiblər, biz isə hər tempin qarşısını almaq üçün keçən il də oynamışıq. Bir az onların üstünlükləri var idi. Axırıncı dəqiqələrə qədər mübarizə apardıq. İndi ruhdan düşmək olmaz, hələ ikinci oyun var. İnşallah ki, ikinci oyunu daha yaxşı oynayıb, daha yaxşı nəticə ilə qayıdacağıq”.
Bu sözləri UEFA Gənclər Liqasında “Dinamo” (Zaqreb) U-19-la oyundan “Qarabağ” U-19-un kapitanı Əli Qazıbəyov Offsideplus.az-a müsahibəsində deyib:
– Zədənin durumu necədir? Niyə zədələndin?
– Bunu daha çox bizim oynadığımız örtüklərlə (meydançanın ot örtüyü ilə) əlaqələndirmək olar. Yəni süni ot üstündə oynayırıq. Süni otda oynadıqca vəziyyət daha da pisləşir, çünki meydança daha sərt olur. Təbii ot örtüyünü demək olar ki, görmürük, birinci ya ikinci oyunumuzdur ki, təbii meydançada oynayırıq. Süni otda həm bərpa prosesi zəif gedir, həm məşqlər çətinləşir - hər şey buna təsir edir. Ona görə də əzələlərdə dartılmalar olur, amma elə ciddi zədəm olmadı.
– Beynəlxalq meydanlarla çempionatımızın əsas fərqi ondadır ki, futbolçularımız süni meydançada oynayır. Bəs başqa nə fərqlər var?
– Avropa komandasına qarşı oynayırsan, Xorvatiya klubudur. Azərbaycan liqasında hərdən bir dənə templi oyun olur, o da “Sabah”a qarşı. Həmin matç heç bunun 50 faizi deyil, daha azdı. Ona görə də biz belə templi oyunlara tam öyrəşməmişik. Daha çox beynəlxalq oyun oynamalıyıq. Elə oyunçular var ki, məndə daxil olmaqla, millidə belə templi oyunlara öyrəşmişik, amma elələri də var ki, hələ bu ritmə uyğunlaşa bilmir.
– “La Masia" akademiyasının səviyyəsi hamıya bəllidir və bu komanda son oyunda "Barselona" ilə heç-heçə etmişdi. İndi sizin bu oyunda sonə qədər dirəniş göstərməyiniz növbəti oyunlar üçün əlavə motivasiya olacaqmı?
– Biz hər zaman özümüzə güvənmişik, bir-birimizə inanmışıq. Biz bu gün bir yumruq kimi, əsl komanda olaraq çıxdıq meydançaya və göstərdik ki, Azərbaycanda futbol var, akademiyalar inkişaf edir. Biz də ölkənin ən yaxşı komandalarından biriyik, keçən il 19 yaşadək futbolçular arasında çempion olduq, bu il də məğlubiyyətsiz irəliləyirik. Yenə deyirəm, komandama güvənirəm, inşallah, ikinci oyunda daha yaxşı oynayacağıq.


