İyulun 27-dən avqustun 2-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə U-17 dünya çempionatının rəsmi loqosu təsdiqlənib.
Offsideplus.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, loqo yarışın idman ruhunu və ölkəmizin mədəni irsini əks etdirən xüsusi konsepsiya ilə hazırlanıb. Brendinqdə Dünya Güləş Birliyinin (UWW) korporativ rəngi olan göy rəngə üstünlük verilib.
Vizual elementin mərkəzində mübarizə və gücü simvolizə edən iki stilizə olunmuş güləşçi fiquru yer alıb.
Loqonun xarici halqasında isə Qarabağ xalçaçılıq ənənələrindən ilhamlanaraq hazırlanan milli ornamentlərdən istifadə olunub.
Qeyd edək ki, Bakıda təşkil olunacaq mövsümün ilk güləş mundialında müxtəlif ölkələrdən yüzlərlə yeniyetmə idmançı mübarizə aparacaq.


