"Kadillak"ın pilotu Serxio Peres sabiq komanda yoldaşı Maks Ferstappenlə birlikdə "Red Bull"da çıxış etməyin nə qədər çətin olduğundan bəhs edib.

Offsideplus.az xəbər verir ki, meksikalı sürücü "Red Bull"dakı daxili mühiti və ikinci pilot olmağın ağırlığını belə təsvir edib:

"Maksla eyni komandada olmaq ən ağır tapşırıqdır. Xüsusən də "Red Bull"da, çünki bura onun komandasıdır. Mühəndislərin təcrübəsi də daxil olmaqla hər şeyin ən yaxşısı Maksa verilir. Qələbə qazananda komanda sevinirdi, amma dərhal sonra problemlər yaranırdı. Maks layihənin əsas siması idi və rəhbərlik də bunu gizlətmirdi.

Orada bu qədər uzun müddət tab gətirməyimin yeganə səbəbi xarakterim oldu. Sistemi çox zorlasaydım, məni sındırardı. Məndən əvvəl Pyer Qasli və Aleks Albon kimi istedadlar gəlmişdi, amma sistem onları tez sındırdı. Məndən sonra Liam Louson cəmi iki yarış tab gətirdi, Yuki Tsunoda da həmçinin. Komanda ikinci boliddə oturmağın nə qədər çətin olduğunu unudur.

Hər şeyə rəğmən Maks inanılmaz işgüzar, lider və möhtəşəm bir pilotdur. Onun sayəsində mən də daha sürətli olmağı öyrəndim".