Azərbaycanın sərbəst güləş üzrə gənclərdən ibarət millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-20 Avropa çempionatını tarixi nailiyyətlə başa vurub.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyində yüksək əzmkarlıq nümayiş etdirən yığmamız aktivinə 2 qızıl, 2 gümüş və 4 bürünc medal yazdırıb. Ümumilikdə 170 xal toplayan komandamız bu göstərici ilə turniri komanda hesabında ikinci pillədə tamamlayıb. Yarışın qalibi Rusiya (194 xal) olubsa, ilk üçlüyü Ermənistan (118 xal) qapayıb.
Xal və medal sayında özünün ən yüksək göstəricisini əldə edən millimiz eyni anda iki rekordu birdən yeniləməyi bacarıb.
Qeyd edək ki, böyük məşqçi Əşrəf Əliyev ilə məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərlik etdiyi heyətdə Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) Avropa çempionu olublar. Camal Abbasov (61 kq) ilə Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medala sahib çıxıblar.


