Fransa və İspaniya milliləri arasında keçiriləcək gərgin qarşılaşma öncəsi atmosfer getdikcə qızışır.
Offsideplus.az xəbər verir ki, Fransanın müdafiəçisi İbrahima Konate ispaniyalı gənc ulduz Lamin Yamalın iddialı açıqlamalarına cavab verib.
Yamalın sözlərinə olduqca soyuqqanlı, lakin qətiyyətli cavab verən Konate komandasının heç kimdən çəkinmədiyini vurğulayıb:
"O, nə istəyir deyə bilər. Biz matça mümkün olan ən yaxşı şəkildə hazırlaşacağıq və oyunun sonunda kimin haqlı olduğunu, bu danışıqların kimin xeyrinə nəticələndiyini birlikdə görəcəyik."
Təcrübəli müdafiəçi İspaniyadan çəkinib-çəkinmədikləri barədə suala isə kəskin etiraz edib:
"İspaniyadan qorxuruq? Xeyr, xeyr, xeyr. Düzünü desəm, biz kənarda deyilənlərə əhəmiyyət vermirik. Heç kimdən qorxmamalıyıq. Təmkinli olmalı və bu tələyə düşməməliyik, xüsusən də turnirin bu mərhələsində."
Hər iki komandanın iddialı açıqlamaları meydandakı mübarizənin son dərəcə amansız keçəcəyindən xəbər verir.


